Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏRƏB etn., arab 

Ön Asiyada və Şimali Afrikada yaşayan sami dilləri qrupuna daxil olan xalqın adındandır.

Bu xalqa mənsub adam dilimizdə ərəb adlanır. Tarixdən məlum olduğu kimi, VII əsrdən ərəb işğallarının başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, Azərbaycana xeyli ərəb köçürülmüşdür. Mənbələrdə belə məlumatlara da rast gəlinir ki, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şam (Suriya) şəhərindən gəlmiş qırx min ərəb ailəsi yerləşdirmişdi. Sonrakı mərhələdə ərəblərin Azərbaycana kütləvi köçürülməsinə başlanılmışdı. Bu dövrdən etibarən məşətimizdə ərəb mənşəli antroponimlər, toponimlər də yayılmağa başlamışdı. Beləliklə, ərəb etnonimi də məişətimizə kişi adı kimi daxil olmuşdur. Ərəb Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Bu gün Azərbaycanda Ərəbov, Ərəbli soyadlarına kifayət qədər rast gəlinir. Bu da çox da uzaq olmayan keçmişdə Ərəb adının populyar olduğuna dəlalət edir. Azərbaycan ərazisində ərəb etnonimi ilə əlaqədar Ərəb, Ərəbxan, Ərəblər, Ərəbocağı və s. toponimlər də məlumdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti