Nəzmlə qələmə alınmış şikayət ərizəsi, xahiş.
Ədəbiyyatımızda çox da geniş yayılmayıb. Qasım bəy Zakir özünün və ailəsinin başına gətirilən faciələrlə bağlı Qafqazın bir sıra inzibati dairələrinə və adlı-sanlı müasirlərinə mənzum Ə-H.-larla müraciət etmişdi. Seyid Әzim Şirvaninin taxıl ehtiyacı ilə bağlı Şamaxı mülkədarı Mahmud ağaya yazdığı xahiş xarakterli Ə-H.-ı məlumdur. Sovet dövründə isə görkəmli qəzəlxan Əliağa Vahidin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərova mənzil şəraitinin çətinliyi ilə bağlı yazdığı Ə-H. məşhur idi:
... Mənə layiqdi ola şəhrdə üç-dörd otağım,
Bəxtə bax, dörd nəfərin mənzili bir danə düşüb.
... Maşınım yox, yol uzaq, iş də şəhərsiz keçmir,
Fikridən xəstə vücudim dava-dərmana düşüb.
... Ərzabazlıq mənim öz şənimə şayəstə deyil,
Cənnət insanə, cəhənnəm yolu şeytanə düşüb.
... Sən əgər Vahidə yardım edəsən, xalq deməz:
“Evdən ötrü bu yazıq lap dəli-divanə düşüb”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti