Reklam
Reklam

Tarix terminləri lüğəti

əxilik

Abbasilər xilafəti dövründə (750–1258) yaranmış və XIII əsrdə İran, Azərbaycan, Orta Asiya, xüsusilə Anadoluda geniş yayılmış dini-fəlsəfi təlim.

Bu terminin mənşəyi barədə iki mülahizə var. İlk iddiaya görə, o, ərəbcə “qardaşlıq” mənasını verən “əxi” sözündən yaranıb. Digər iddiaya əsasən, termin “nəcib”, “alicənab”, “comərd”, “səxavətli” anlamına gələn qədim türk sözü “aki/aka”-dan törəyib. Ə. təliminin əsasını dörd başlıca dini-əxlaqi normaya (şəriət, həqiqət, təriqət və mərifət) sözsüz əməl edilməsi, yoxsullar, kimsəsizlər və qəriblərə yardım göstərilməsi, istismarçılara qarşı barışmaz mübarizə ideyaları təşkil edib. Şiəlik ünsürlərinin güclü olduğu Ə. antifeodal çıxışlar zamanı şəhər sənətkarlarının ideoloji silahı olub. Əxi təşkilatlarının başında ağsaqqal (əxi baba) durub. Ə. orta əsrlərdə Azərbaycanda da geniş yayılıb. Onun tərəfdarları I Şah İsmayılın hakimiyyətə gəlməsində müəyyən rol oynayıblar. Lakin Səfəvilər teokratik dövlət qurduqdan sonra əxilər onlardan uzaqlaşıblar. Bundan sonra Ə. tədricən Azərbaycanın ictimai həyatında rolunu itirib.

Tarix terminləri lüğəti