Reklam
Reklam

Məsəllər, deyimlər

EY MIXI MİSMAR ELƏYƏN ALLAH!

►«Sən saydığını say, gör fələk nə sayır» mənasında işlədilən ifadə.

İfadə xalq arasında yayılmış qədim bir rәvayәtdən qaynaqlanır.

Həmin rəvayətdə deyilir ki, bir padşaһ başqa ölkәyә qәsbkarlıq yürüşünә һazırlaşır. O, qoşuna lazım olan atları nallatmaq qәrarına gәlir. Lakin padşahın anbarlarında mıx tapılmır. Şәhәrdәki yeganә qoca dәmirçini yanına çağıraraq əmr edir ki, sәһәrә qәdәr on min mıx hazırlasın. Dәmirçi nә qәdәr yalvarır, and-aman edir ki, bu qәdәr mıxı bir gecәdә hazırlamaq mümkünsüzdür, padşah inadından dönmür, on min mıxı hazırlamasa, sәhәr dәmirçini asdıracağı ilә hәdәlәyir.

Kor-peşman evә gәlәn dәmirçi sәһәrә qәdər oturub Allaha yalvarır, ona kömәk göstәrmәsini istәyir. Səhərə yaxın dәmirçinin qapısı döyülür. Şah xidmәtçisi xәbәr verir ki, gecә ikәn padşah ölüb, ona görә dә tabutu mismarlamaq üçün dörd ədəd mismar lazımdır. Dәmirçi bu işi əlüstü görür, әllәrini göyә qaldırıb deyir: «Ey mıxı mismar elәyәn Allah, kәrәminә şükür!»

Bu motiv Səməd Vurğunun «Vaqif» dramında da istifadə olunmuşdur.

Məsəllər, deyimlər