►Geriyə yol qoymamaq, arxaya çəkilməyə qəti imkan verməmək, yalnız irəli gedərək döyüşmək və qələbə çalmaq əzmini nümayiş etdirmək.
İfadə böyük ərəb sərkərdəsi Tariq ibn Ziyadla bağlı tarixi hadisədən qaynaqlanaraq yayılmışdır.
İfadənin yaranması ilə bağlı müxtəlif mülahizələr var. Onlardan ən qədimi Troya müharibəsi ilə bağlıdır. Qədim yunan tarixçisi Plutarxın yazdığına görə, Troya süqut etdikdən sonra əhali şəhəri tərk edir. Bunu görən Troya qadınları sahildəki gəmiləri yandırırlar ki, kişilər sonadək mübarizə aparsınlar.
Şərqdə isə bu ifadə ərəb xilafətinin hərbi yürüşlərindən sonra geniş yayılmışdır.
VIII əsrdə islam dininin Avropaya da yayılması üçün hərbi yürüşlər başlanmışdı. 711-ci ildə məşhur sərkərdə Tariq ibn Ziyadın başçılığı ilə ərəb ordusu Cəbəlüttariq boğazını (bu boğaz Tariqin adı ilə adlanıb) keçərək İspaniya torpaqlarına çıxır. Ordu sahilə çıxan kimi ibn Ziyad əsgərlərin geri qaçmaması üçün hamının gözü qarşısında bütün gəmiləri yandırmağı əmr edir. Sərkərdə ordu qarşısındakı çıxışında bildirir ki, bu «müqəddəs» məqsəd üçün ölənədək döyüşmək lazım gələcək: «Arxanızda düşmən kimi dəniz, önünüzdə dəniz kimi düşmən! Sonadək döyüşməkdən başqa yol qalmamışdır».
Tarixdə torpaq uğrunda sonadək döyüşmək və qələbə çalmaq məqsədilə gəmiləri yandırmaq faktları az olmamışdır; məsələn, normanların başçısı Fateh Vilhelm İngiltərə sahillərinə qoşun çıxararkən (1066), həmçinin Meksikanı fəth etmiş (1519) ispaniyalı Fernando Kartes də dənizdən quruya çıxarkən gəmiləri yandırmaq əmri vermişlər.
Oxşar olaylardan qaynaqlanmış və dilimizdə işlənən «körpüləri yandırmaq» ifadəsindən fərqli olaraq «gəmiləri yandırmaq» deyimi bir işdə qələbəyə nail olmaq üçün irəli getməkdən savayı yolun qalmadığını bildirir.
Məsəllər, deyimlər