Reklam
Reklam

Məsəllər, deyimlər

GÖYDƏN DÜŞMƏK

►Gözlənilməyən, təsadüfən, qəfil ortaya çıxmış bir şey haqqında işlədilən ifadə.

İfadə şah Qacarın dövründə İranda baş vermiş bir hadisədən götürülmüşdür.

Nəsrəddin şah Qacar zamanı (1848–1896) Tehranın şəhər hakimi Vəzir Nizamın yanına bir şikayətçi gəlir və bir şəxsin onun evinə sahib çıxmaq istəyindən şikayətlənir. Vəzir Nizam həmin şəxsi çağırıb ondan evə sahib olmaq hüququ verən sənədləri tələb edir. O şəxs isə cavab verir ki, sənəd nədir, mən göydən düşmüşəm və ev də mənimdir. Vəzir Nizam onu möhkəm döydürür, nəhayət, başqasının evinə iddialı olan şəxs təqsirini boynuna alır. Onda Vəzir Nizam deyir: «Bilirsənmi mən səni niyə döydürdüm? Ona görə ki gələn dəfə göydən düşəndə özgəsinin yox, öz evinə düşəsən».

Əsassız, yersiz olan hər şey haqqında deyilən «göydən düşmək» frazeoloji birləşməsində hər şeydən əvvəl təsadüfilik çaları özünü göstərir. Amma həmin ifadə həm də «göydən düşüb» şəklində, adətən, ərköyün, şıltaqlıq edən, özünü başqalarından fərqləndirmək istəyən adamlara münasibət bildirərkən işlədilir.

Məsəllər, deyimlər