Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACİB ərəb.

hacib (hacaba sözündəndir) sözündəndir. Hacib sözünün lüğəvi mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə izah edilmişdir. Ərəb dilində hacaba birinin bir yerə daxil olmasına, girməsinə mane olmaq anlamındadır və buradan da qapıçı, yəni hacib sözü yaranmışdır.

Əməvilər zamanından başlayaraq Şərq və Qərbdəki müsəlman dövlətlərində əsrlər boyu işlənmişdir. Əvvəllər hökmdar saraylarında vasitəçi mənasında işlənmişdir. Hacib Azərbaycan antroponimikasında vəzifə adları ilə əlaqədar kişi adlarındandır. Bildiyimiz kimi, türk-İslam tarixi və mədəniyyəti üçün son dərəcə əhəmiyyətli olan “Kutadqu Bilik” əsərinin müəllifi XI əsr şairi Yusif Balasaqunlu (sonradan Yusif xan Hacib) böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri, həm də yerlisidir. Bu əsər vaxtilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış ilk poemadır. Azərbaycan dilinə “Səadət gətirən bilik”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi tərcümə edilir. 1068-ci ildə Kaşğar şəhərinə köçən Yusif Balasaqunlu orada bu əsər üzərində on səkkiz ay işləmiş və 1069-cu ildə “Kutadqubi- lik” əsərini Qaraxanilər dövlətinin – Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana ərməğan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan da, öz növbəsində, Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir. Bu, orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri hesab edilirdi. Orta əsrlərdə Şərq ölkələrində xəlifələrin, hökmdarların sarayında baş vəzirə, hökmdarı qorumaq məqsəd ilə onun olduğu yerin qapısı qarşısında duranlara da hacib deyilmişdir. Sonradan şəxs adı kimi də formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti