►Özünə aid olmayan bir şeylə kiminsə xoşuna gəlməyə çalışmaq, dost qazanmaq, başqasının yaratdığı əlverişli şəraitdən öz xeyri üçün istifadə etmək.
İfadə təxminən XX əsrin əvvəllərində köhnə Bakı hamamlarında adət halını almış bir qayda ilə bağlı yaranmışdır.
Ümumi hamamların işə düşdüyü ilk vaxtlarda təzə-təzə ənənələr yaranırdı. Bunlardan biri köhnə Bakı qaydalarına uyğun olaraq hamama təzə girən yaşlı qadın hansı cavan qıza, ya gəlinə yanaşıb yanında əyləşsəydi, mütləq həmin adam hörmət əlaməti olaraq onun başına bir satıl ilıq su tökərdi. Yaşlı qadın bu jesti rəğbət və ehtiram kimi qəbul edib cavan qıza xoşbəxtlik və səadət arzulayardı. Yəni bu alqış hamam suyuna görə idi və buradan da «hamam suyu ilə dost tutmaq» ifadəsi yaranmışdı.
Bu deyim bizim günlərdə daha çox istehza ilə işlədilir və kiminsə özünə aid olmayan bir şeylə başqasının xoşuna gəlmək, dost qazanmaq istəyini ifadə edir.
Məsəllər, deyimlər