►Adamın öz fikri, mövqeyi olmasa, kənardakıların ziddiyyətli məsləhətlərinə qulaq asmaqla pis vəziyyətə düşə biləcəyinə işarə ilə deyilən ifadə.
Məsəl Molla Nəsrəddinin məşhur bir lətifəsi ilə bağlıdır.
Bir gün Molla oğlunu yanına salıb eşşəklə gedirmiş. Yoldan keçənlər deyirlər: «Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır». Molla eşşəkdən düşüb uşağı mindirir. Başqa yolçular bunu görüb deyirlər: «Ağsaqqal kişiyə bax! Oğlanı mindirib eşşəyə, özü piyada gedir». Belə olduqda molla eşşəyə minib uşağı tərkinə alır. Yenə də yoldan ötənlər narazı qalırlar: «Sən bir bunlara bax! Yekə kişidirlər, qoşa-qoşa miniblər yazıq eşşəyin belinə».
Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür və bu dəfə piyada getməyə üz qoyurlar. Bunu görən yolçular gülüşürlər: «Bunlar nə ağılsız adamlardır, yanlarında eşşək ola-ola ikisi də piyada gedir». Axırda Molla Nəsrəddin boğaza yığılır, bütün bu söz-söhbətlərə son qoymaq üçün eşşəyi dalına almalı olur.
Az qala atalar sözünə çevrilmiş bu məsəl müasir dövrdə də mürəkkəb seçim qarşısında qalmış adamlara münasibətdə geniş işlənir.
Məsəllər, deyimlər