Babilistan hökmdarı Hammurapi tərəfindən təqribən e.ə. 1760-cı ildə hazırlanmış qanunlar külliyyatı.
Dünyada ən qədim hüquqi abidələrdən biri sayılan H.Q. xarici elmi ədəbiyyatda Hammurapi kodeksi də adlanır. H.Q.-nın konusvarı bazalt sütun üzərində mixi yazısı ilə həkk edilmiş orijinal mətni 1901–1902-ci illərdə Suzda (İran) aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb və hazırda Parisdə Luvr muzeyində saxlanır. Bu qanunlar giriş, 282 maddə və epiloqdan ibarət olub; maddələr mövzular üzrə qruplaşdırılıb: proses, mülkiyyət, hökmdar xidməti, nikah və ailə, öhdəliklər və s. Hər mövzu həm cinayət hüququ, həm də mülki hüquq baxımından şərh edilib. Hüququn subyekti kimi yalnız azad icma üzvləri və hökmdar xidmətində olan qismən azad şəxslər tanınıblar. Qullar və uşaqlar isə hüququn obyekti hesab olunublar. H.Q. Babilistan cəmiyyətinin öyrənilməsi sahəsində qiymətli mənbə sayılır. Onlar qədim dövrdə Ön Asiyada qanunvericilik aktlarının yaradılmasına böyük təsir göstərib.
Tarix terminləri lüğəti