►Sona qədər mübarizə aparmağa, cəsarət və qətiyyət nümayiş etdirməyə, verdiyi anda sadiq qalmağa çağırış rəmzi kimi işlədilən ifadə.
İfadə Karfagen hakimi və böyük sərkərdə Hannibalın adı ilə bağlıdır.
Hannibalın 9 yaşı olanda atasından – uzun müddət Roma ilə döyüşən Karfagen sərkərdəsi Hamilkar Barkadan xahiş edir ki, onu da özü ilə hərbi yürüşə aparsın. Bunun müqabilində atasının ondan bir tələbi olur: «Söz ver ki, bütün həyatın boyu romalılara nifrət edəcək və onlarla mübarizə aparacaqsan». Hannibal müqəddəs qurbangahda təntənəli and içdi və ömürboyu bu anda sadiq qaldı.
Hannibal yavaş-yavaş hərbi yürüşlərdə mahir sərkərdə kimi məşhurlaşdı, Pireney yarımadasını zəbt etdikdən sonra Cənubi Qalliyaya, oradan isə Alp dağlarından İtaliyaya keçdi, orada bir sıra döyüşlərdə romalılarla üz-üzə gəldi, amma ciddi itkilər verdiyi üçün Romaya getməyə cəsarət etmədi.
Uzunmüddətli müharibələrdə zəifləmiş Hannibal Afrikaya dönməyə məcbur olmuş, orada isə romalılar tərəfindən məhv edilmişdi. Sülh bağlandıqdan sonra romalılar Hannibalın onlara verilməsini tələb etdilər, o isə Şərqə qaçdı və düşmənin əlinə keçməmək üçün sonda özünü zəhərlədi. Buna baxmayaraq «Hannibal andı» ifadəsi məcazi məna aldı və uzun illərdir ki, bütün dillərdə işlənərək «qəti vəd» mənasını verir.
Məsəllər, deyimlər