►Elm, sənət və peşə sahəsində məşhurlaşmaq üçün bilik və bacarıqla yanaşı, xüsusi qabiliyyətin olmasının vacibliyini vurğulayan ifadə.
İfadə xalq arasında yayılmış deyimdən qaynaqlanır.
Deyimin əsas məğzi ondan ibarətdir ki, təkcə adi qayda ilə elm öyrənmək və ya bir peşənin ardınca getmək insanı məşhurlaşdırmır, adam təkcə kitab oxumaqla elmləri qavraya bilməz, dərrakəli olmaz, qarşısına qoyduğu məqsədə çatmaq üçün Allahın verdiyi xüsusi talantın da olması vacibdir.
Məsəldə adıçəkilən böyük Azәrbaycan şairi Molla Pәnaһ Vaqif (1717–1797) savadlı alim, görkәmli şair, dövlət xadimi olmuşdur. Nücum vә «müһәndislik» elmlәrindә də sәriştәsi var idi. İbrahim xanın sarayında vәzirliyә qәdәr yüksәlmiş, xalqını sevәn bir vәtәnpәrvәr olmuşdur. Hәlә öz zamanında şöhrәti çox yayılmış vә onun adı ilә әlaqәdar düzәlәn yuxarıdakı ifadә atalar sözü sәviyyәsinә qәdәr yüksәlmişdir. Nәşr olunan bütün «Atalar sözlәri» kitablarına bu ifadә daxil edilmişdir. XIX әsr şairlәrindәn Həsənəli Qaradaği (1848–1929) öz tәzkirәsindә yazmışdır: «Yazılanlara görә, Vaqifin bir para elmlәrdә sәriştәsi var imiş. İbraһim xan Molla Pәnaһı möhtәrәm vә artıq dost tutub onun mәslәhәt vә tәdbiri ilә iş görәrmiş. Bu sәbәbdәn Qarabağda zərbi-mәsəl olub bir söz söylәnilir: «Hәr oxuyan Molla Pәnah, hәr qatırçı Murad olmaz».
Qatırçı Muradın adı da Qarabağ mahalının tanınmış şəxsləri siyahısına yazılıb. Əvvəllər Qarabağ xanının qatırçısı kimi ad çıxarıb. Çox bacarıqlı, mahir qatırçı olduğundan xan ona bәylik verib, üstəlik, indiki Ağdam rayonunun Muradbәyli kәndini dә ona bağışlayıb, yəni bu kəndin əsasını qatırçı Murad qoyub.
İndi çoxları dilimizdə işlənən bu ifadənin yalnız Molla Pәnah Vaqiflə bağlı olan birinci hissəsini xatırlayır, ikinci hissəni isə, demək olar ki, yaddan cıxarırlar. Halbuki məsəl lap əvvəldən başlıqda göstərilən kimi bütöv yayılmışdır.
Məsəllər, deyimlər