1904-cü ilin oktyabrında əsası qoyulmuş milli sosial-demokrat təşkilatı “Hümmət”in üzvləri.
Liderləri M.Ə.Rəsulzadə, İ.Aşurbəyov, Q.Qarabəyov və b. olan bu təşkilat Rusiya imperiyasının siyasi həyatında fenomen hesab edilir. Belə ki, H.-ın fəaliyyətində (xüsusən ilkin dönəmlərdə) milli ideyaların təbliği bilavasitə sosializm düşüncəsini arxa plana keçirib. H. azərbaycanlıların milli oyanışında mühüm rol oynayıblar. Lakin 1905–1907-ci illər inqilabı dövründə onlar tədricən bolşeviklərin təsiri altına düşüblər, inqilabdan sonrakı irtica dövründə isə fəaliyyətlərini faktik olaraq dayandırıblar. H.-in fəaliyyəti yalnız 1917-ci il Fevral inqilabından sonra bərpa edilib. Bu zaman onlar artıq iki qrupa – bolşevik H.-ə və menşevik H.-ə bölünüblər. Birincilər bolşevik partiyasının tərkibində, ikincilər isə müstəqil təşkilat kimi fəaliyyət göstəriblər. Menşevik H. AXC (1918–1920) parlamentində ayrıca fraksiyaya malik olublar. 1920-ci ilin yazında Azərbaycanın işğalı ərəfəsində H. ölkənin müstəqilliyinin müdafiəsində dayanmayıblar və bolşeviklərin tərəfinə keçiblər. Aprel işğalından sonra isə H. müstəqil siyasi təşkilatın üzvləri kimi fəaliyyətlərini dayandırıblar.
Tarix terminləri lüğəti