►Fərdlər, xalqlar və millətlər üçün azadlığın, müstəqilliyin və hüquq bərabərliyinin vacibliyini ifadə edən deyim.
İfadə Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin (1884–1955) yaradıcılığından qaynaqlanaraq yayılmışdır.
I Dünya müharibəsi illərində müstəmləkə xalqlarının taleyi, onların öz müstəqilliyini qazanmasının vacibliyi, o cümlədən Azərbaycan türklərinin də öz istiqlalına qovuşması zərurəti M.Ə.Rəsulzadə publisistikasının əsas mövzularından biri idi. Onun siyasi fəaliyyətində də bu məqsəd öndə dayanırdı.
Haqqında söhbət gedən deyim ilk dəfə 1917-ci il iyunun 17-də «İnsanlara hürriyyət, millətlərə müsavat!» şəklində M.Ə.Rəsulzadənin lideri olduğu «Müsavat» partiyası ilə N.Yusifbəylinin rəhbərlik etdiyi «Türk-Ədəmi-Mərkəziyyət» partiyasının birləşmə qurultayında səslənmişdir. Daha sonra həmin ifadə «Müsavat» partiyasının orqanı olan və cəmi bir neçə nömrəsi çıxmış «Müsavat» qəzetində (10 sentyabr 1917, №1) verilmişdir. Daha çox Qərb dəyərlərini, ilk növbədə isə Fransa burjua inqilabının nailiyyətlərini əks etdirən bu ifadəni M.Ə.Rəsulzadə «İstiqlal» qəzetindəki yazılarında və sonrakı çıxışlarında cilalayaraq «İnsanlara hürriyyət, millətlərə istiqlal!» formasına salmışdır.
Dahi Rəsulzadə bu deyimin ilkin variantının o dövrün məşhur publisisti Əhməd Həmdiyə məxsus olduğunu göstərmiş, onu «məşhur kəlamın gerçək müəllifi» adlandırmışdır. M.Ə.Rəsulzadə onun haqqında yazır: «Həmdi bəy Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş olduq. «Açıq söz»ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun «İstiqlal» qəzetindəki məfkurəçilik rolu da unudulamaz. «İstiqlal» qəzetəsinin başlığı altındakı «İnsanlara hürriyyət, millətlərə müsavat!» şüarını ilk bulub tövsiyə edən odur» («Azəri Türk» jurnalı, 1928, №20, səh. 7–8).
Bütün millətlər və xalqlar üçün böyük önəm daşıyan «İnsanlara hürriyyət, millətlərə istiqlal!» deyiminin məşhurlaşmasının əsas səbəbi onun insan haqlarına önəm verən müasir demokratik dəyərlərlə həmahəng səsləşməsidir.
Məsəllər, deyimlər