►Çətin, olduqca mürəkkəb vəziyyətdən, problemdən çıxış yolunu tapmaq istiqamətində ilk düzgün addımı atmağa kömək etmək, yol göstərmək.
İfadə qədim yunan mifologiyası ilə bağlı yaranmışdır.
Mifik rəvayətdə deyilir ki, öz sevimli oğlu Androgeyin ölümünə görə afinalılardan qisas alan Krit çarı Minos şəhərdən ağır xərac istəyir: hər səkkiz ildən bir şəhər adamyeyən-bədheybət Minotavr üçün yeddi oğlan və yeddi qız göndərməli idi. Minotavr isə çıxış yolu bilinməyən, çoxsaylı yolları və keçidləri olan bir labirintdə yaşayırdı. Həmin labirintə girən adam çıxış yolunu tapa bilmədiyindən heç cür geri qayıda bilmir, ya çürüyüb oralarda qalır, ya da bədheybətə yem olurdu.
Cəsur və xeyirxah qəhrəman Tesey afinalıları bu dəhşətli cəzadan xilas etmək qərarına gəlir və bədbəxt gənclərlə birlikdə Kritə yollanır. Çar Minosun qızı Ariadna igid Teseyi görən kimi ona vurulur və kömək etmək qərarına gəlir. O, qəhrəmana ip yumağı verir, Tesey yumağın bir ucunu labirintin girişinə ilişdirir. Qəhrəman bədheybəti məhv edir, bütün oğlanları və qızları ipin köməyi ilə labirintdən çıxarır. Dünyanın bir çox dillərində işlənən «ipucu vermək» ifadəsi məhz bu rəvayətdən qaynaqlanır.
Məsəllər, deyimlər