►Gizli saxlanan sirrin əvvəl-axır faş olunacağını bildirən ifadə.
İfadə xalq arasında Makedoniyalı İsgəndərlə bağlı yayılmış maraqlı bir əhvalatdan qaynaqlanır.
Rəvayətə görə, guya Makedoniyalı İsgəndərin buynuzu var imiş və bu sirri İsgəndərin şəxsi dəlləyindən başqa heç kəs bilmirmiş. Dəllək həmin sirri uzun müddət ürəyində saxlayır, lakin sirr onun qəlbini deşdiyindən bir adama söyləmək ehtiyacı duyur. İsgəndərdən qorxduğu üçün bu sirri heç kəsə aça bilmirmiş. Axırda əlacı kəsilir, ürəyini boşaltmaq üçün çöldə istifadəsiz qalmış bir quyunun kənarına gəlib ağzını quyuya tutaraq deyir:
– İsgəndərin buynuzu var, buynuzu...
Bu hadisədən bir müddət keçir, İsgəndər öz qoşunları ilə səfərdən qayıdarkən bir çobanın quyu kənarında oturub tütək çaldığını görür. Tütəkdən «İsgəndərin buynuzu var, buynuzu...» sözləri açıq eşidilir. İsgəndər bərk qəzəblənir, təəccüblə çobandan bu işin səbəbini soruşur. Çoban çaldığı tütəyi qarşısındakı quyunun kənarında bitən qamışdan düzəltdiyini söyləyir. İsgəndər quyu kənarındakı qamışdan özü bir tütək qayırıb çalır və çobanın düz dediyini yəqin edir. Sonra o, dəlləyi yanına çağırıb dindirir. Dəllək əhvalatı olduğu kimi danışır və İsgəndər dünyada sirr gizlətməyin çox çətin olduğunu başa düşür.
Hәmin rәvayәtlә әlaqәdar dilimizdә «Buynuzum yoxdur ki», «Buynuz çıxarmamışam ki» ifadәlәri də meydana gәlmişdir.
Məsəllər, deyimlər