►Adətən, bir yerə çoxlu adam gəlib-gedəndə, süfrə açılarkən yemək üstünə ard-arda bir neçə adam gəlib çıxanda kinayə ilə işlədilən ifadə.
İfadə konkret olaraq Molla Nəsrəddinə aid bir rəvayətlə bağlıdır.
Yeddi qızı olan Mollanın arvadı növbəti dəfə doğuş keçirərkən o, arvadının azad olmasını gözləyərək o biri otaqdan tez-tez mamaçaya müraciət edib oğlan, və ya qız olduğunu soruşurdu. Nəhayət, mamaça Mollaya müraciətlə o biri evdən səslənir:
− Molla, gözün aydın, bir qızın oldu.
Molla əsəbi halda dodaqlarını büzərək bir söz demir. Bir qədər keçdikdən sonra mamaçanın yenə səsi gəlir:
− Ay Molla, muştuluğumu ver, bir qızın da oldu!
Molla qadını söymək istəyir, lakin sonra onun günahkar olmadığını nəzərə alıb öz fikrindən vaz keçir. Döşəyin üstündə uzanıb başını əlləri içərisinə alır. Elə bu vaxt mamaçanın cır səsi bir də eşidilir:
− Molla, gözün aydın, bir qızın da oldu!
Molla bu sözü eşidib yerindən dik atılır, ağzını qapıya dirəyib çığırır:
− Sənə qurban olum, Fatmanisə qarı, bir o lampanı söndür, bu qırılmışlar, yəqin, işığa gəlirlər.
Bəzən çoxlu qız doğan qadınlara söz atmaq məqsədilə, habelə evə vaxtsız olaraq çoxlu qonaq gəldikdə də zarafatla bu məsəldən istifadə edirlər.
Məsəllər, deyimlər