►Riyakarlığı, ikiüzlülüyü, sevgi və dostluq pərdəsi arxasında gizlədilən xəyanətkar hərəkəti bildirmək üçün işlədilən ifadə.
İfadə İsa peyğəmbərin həvarilərindən biri olmuş, lakin öz müəlliminə xəyanət etmiş İudanın adı ilə bağlıdır.
«İncil» rəvayətlərinə görə, İsa Məsihin 12 ardıcılı və şagirdi – həvarisi var idi. Yəhudilərin baş ruhaniləri İsanı öldürmək istəyirdilər, lakin onu üzdən tanımaq çətin idi. Buna görə də peyğəmbərin şagirdlərdən biri olan İuda İskariotu ələ alırlar. İuda müəyyən məbləğ qarşılığında öz müəllimini ələ verməyə razılaşır. Taleyin istehzası budur ki, göstərəcəyi «xidmət»in müqabilində İudaya o dövr üçün çox da böyük məbləğ olmayan 30 gümüş pul vəd edirlər.
Rəvayətdə deyilir ki, bu xəyanətkar sövdələşmədən sonra İuda gözətçiləri İsanın olduğu Hefsiman bağına gətirdi və silahlılara dedi: «Kimi öpsəm, İsa odur, onu da tutun». Bundan sonra o, İsaya yaxınlaşdı və «Sevin, müəllim» deyərək onu öpdü. Mühafizəçilər hücum çəkərək İsa Məsihi həbs etdilər və sonra çarmıxa çəkdilər. Beləliklə, İuda adı bütün dövrlərdə xəyanətin, «İuda öpüşü» isə riyakar hərəkətlərin rəmzi oldu.
Bu gün də kiminsə yalan gülüşü, saxtakar münasibəti, riyakar mehribanlığı müşahidə olunanda «İuda öpüşü» ifadəsi yada düşür.
Məsəllər, deyimlər