Reklam
Reklam

Tarix terminləri lüğəti

kaqulyarlar

fr. cagoulards < cagoule – baxmaq üçün göz yeri olan baş örtüyü

XX əsrin 30-cu illərinin ortalarında Fransada faşistyönlü gizli təşkilatın üzvləri.

Bu qurumun tam adı “İnqilabi fəaliyyət gizli təşkilatı” (Organisation secrète d’action révolutionnaire, OSAR) olub, onun üzvləri isə yığıncaqlarda və andiçmə mərasimlərində xüsusi başlıq-maska geydikləri üçün belə adlandırılıblar. O, 1935-ci ilin yanvarında yaranıb və Fransada sol-kommunist hərəkatına qarşı mübarizəni əsas məqsəd elan edib. 1937-ci ilin noyabrında K.-ın Üçüncü respublikaya qarşı silahlı qiyam cəhdi iflasa uğradıqdan sonra onların liderləri həbs olunub. Nəticədə K.-ın fəaliyyəti xeyli zəifləyib. II Dünya müharibəsi dövründə (1939–1945) təşkilatın keçmiş üzvlərinin əksəriyyəti alman işğalçıları, habelə Fransada oyuncaq Vişi hökumətinin nümayəndələri ilə əməkdaşlıq ediblər.

Tarix terminləri lüğəti