►Şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət haqqında düşünən və buna uyğun hərəkət edən insanlar barəsində işlədilən ifadə.
Məsəlin yaranması xalq arasında yayılmış bir əhvalatla bağlıdır.
Bir xəstəni yoluxmağa gedən kar adam qulağının ağır eşitdiyini nəzərə alaraq əvvəlcədən verəcəyi sualları və təqribən alacağı cavabları fikirləşib öz-özünə düşünür: «Mən xəstədən birinci özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında: «Olsun-olsun, şükür Allaha, bəs sənin yanına hansı həkim gəlib-gedir?» – deməliyəm. Sözsüz ki, o, həkimin adını çəkərkən mən: «Qədəmi xoş olsun, əli yüngül olsun!» – deməliyəm. Sonra iştahasından söhbət salıb hansı xörəyi ürəyi istədiyini soruşmalıyam. O, xörəyin adını çəkən kimi «nuşcanın olsun» deyib söhbəti qurtararaq xudahafizləşib evə qayıdaram».
Kar öz aləmində bunları fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur:
− Ay qardaş, olmasın azar, necəsən?
Xəstə ağrıdan üz-gözünü turşudub deyir:
− Ölürəm, ay dost, deyəsən, vaxtım çatıb!
Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir:
− Olsun, olsun, əzizim. Allaha şükür. Bəs yanına hansı həkim gəlib-gedir?
Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir:
− Kim gələcək, Əzrayıl!
− Ayağı yüngül olsun, − deyə kar növbəti sualını verir. – Bəs nə yeyirsən?
Əsəbiləşib özündən çıxmış xəstə cavab verir:
− Zəhrimar, nə yeyəcəyəm?!
Kar «Nuşcanın olsun» deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə, öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır, həm də xəstəni əsəbiləşdirir.
Məsəllər, deyimlər