yun. katarkhaios – qədimdən əvvəl
Yerin geoloji tarixində Kembriyəqədərki eonun (Kriptozoy) Arxeydən əvvəlki ən qədim mərhələsi.
Yerin yarandığı vaxtdan (4,5-4,6 mlrd. il əvvəl) başlayaraq 600 mln. il davam edib. K.-də Yer nisbətən soyuq olub, onun strukturu (nüvə-mantiya-qabıq) formalaşmayıb. Sonrakı tarixi mərhələlərdə güclü tektonik proseslər, maqmatik fəaliyyət nəticəsində Yerin quruluşu tamamilə dəyişdiyindən K. bir sıra geoxronoloji cədvəllərdə, ümumiyyətlə, nəzərə alınmır və göstərilmir. Hətta K.-i geoxronoloji bölgüyə daxil edənlər arasında da elmi mübahisələr gedir: onun bitdiyi tarix, dövr bölgüsü ilə yanaşı, adı da bir neçə variantda mövcuddur: Heyden, Prearxey, Priskoan, Azoy və s. İngilisdilli coğrafi lüğətlərdə və Avropa ensiklopediyalarında “Heyden” termininə daha tez-tez rast gəlinir. Yunan mifologiyasında yeraltı dünya ilahının adından götürülmüş bu termini 1972-ci ildə amerikalı yerşünas Preston Klaud Arxeydən əvvəlki geoloji prosesləri fərqləndirmək üçün təklif edib.
Coğrafiya terminləri lüğəti