Dən üyütmək üçün əl ilə işlədilən alət, əl dəyirmanı.
Yastı və dairəvi formalı K. alt və üst daşdan ibarət olub. Bu alət Erkən Neolit dövründə meydana gəlib və dünyanın bir çox xalqları arasında geniş yayılıb. K. daşlarının diametri təqribən 40-50 sm, qalınlığı 7-10 sm olub. Alt daşın ortasına 8–10 sm uzunluğunda ağac və ya metal ox (çüy) bərkidilib. Üst daş həmin oxa keçirilib. Üst daşı fırlatmaq üçün onun da kənarına ağac və ya metal dəstək bərkidilib. Oyuğa tökülən dən iki daşın arasında üyüdülüb. Azərbaycanda e.ə. təqribən II minilliyə aid K.-lər aşkarlanıb. Ölkənin bəzi dağ və dağətəyi rayonlarında yarma çəkmək məqsədilə K.-dən indi də istifadə olunur.
Tarix terminləri lüğəti