lat. consortium – birgə iştirak, ortaqlıq
Hər hansı irimiqyaslı sənaye layihəsinin gerçəkləşdirilməsi üçün bir neçə şirkət və bank arasında bağlanan müvəqqəti saziş.
K.-a daxil olan şirkətlər əvvəlcədən razılaşdırılmış şərtlər əsasında birgə fəaliyyət göstərir. K.-un məqsədi onun iştirakçılarının imkanlarını birləşdirmək və layihənin icrası prosesində mümkün risklərdən sığortalanmaq olur. Belə ki, layihənin həyata keçirilməsinə K. iştirakçılarının ayrı-ayrılıqda ya gücü çatmır, ya da onlar böyük riskləri bölüşür. Sazişə qoşulan şirkətlər öz müstəqilliklərini saxlamaq şərti ilə ümumi məqsədə aid fəaliyyət çərçivəsində birgə seçdikləri rəhbərliyə tabe olur. İştirakçılar arasındakı münasibətlərdə qeyri-bərabərlik K.-un əsas səciyyəvi cəhətlərindən sayılır: burada iştirakçılar müxtəlif paya malik olurlar. 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının müştərək işlənməsi üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti K.-un tipik nümunəsidir.
Tarix terminləri lüğəti