►İnsana istehlakçı münasibəti, hər hansı insanın əməyindən öz məqsədi üçün istifadə edib sonra ona «daha gərək deyilsən» deyərək taleyin ümidinə buraxmağı bildirən ifadə.
İfadə böyük alman ədibi Fridrix Şillerin (1759–1805) «Genuyada Fiesko qəsdi. Respublika faciəsi» pyesindən (1783) qaynaqlanaraq yayılmışdır.
Həmin pyes 1547-ci ildə Genuyada baş vermiş real hadisələr əsasında yazılmışdır. Bu məşhur ifadə həmin pyesin personajlarından olan mavr Muley Həsənin dilindən səslənir. O, həyatını təhlükəyə ataraq respublikaçıların Genuya hakimi A.Doryaya qarşı qiyamında qraf Fieskoya kömək edir. Sonra qraf Fiesko öz qoçaqlığı ilə ona dəstək olmuş mavra işarə verir ki, artıq sən mənə lazım deyilsən. Beləliklə, artıq adama çevrildiyini görən igid mavr özü şəhəri tərk edir.
Tarixi məlumatlara görə, ərəb işğalından sonra Pireney yarımadasında islamı qəbul etmiş əhali mavr adlandırılırdı. Kordova xilafəti dövründə onların sayı xeyli çox idi. 1492-ci ildə mavrlara məxsus quru torpaqlar işğal edildikdən sonra həmin əhali xristianlığı qəbul etmədi, ona görə də müsəlman mavrlar ölkədən qovuldu.
Bədii əsərlərdə və tarixə aid araşdırmalarda mavrların döyüş şücaəti, hərbi bacarıqları və sədaqəti ayrıca vurğulanır.
Məsəllər, deyimlər