►Nəyisə həddən artıq şişirtmək, ona lazım olduğundan artıq diqqət yetirmək, ajiotaj, sensasiya yaratmaq.
İfadə qədim yunan yazıçısı Lukianın (e.ə. III əsr) «Milçəyin tərifi» satirik əsərindən qaynaqlanaraq yayılmışdır.
Tədqiqatçılar bunu bir az da dəqiqləşdirərək qeyd edirlər ki, əslində, ifadənin müəllifi Lukian deyil, o, sadəcə müəllifi məlum olmayan bu məsəli işlətmişdir. «Baxmayaraq ki çox şey deyə bilərdim, amma sözümü burada bitirirəm... kimsə düşünməsin ki, mən milçəkdən fil düzəldirəm» – Lukian «Milçəyin tərifi»nin sonunda belə yazır.
Nəyi isə şişirdəndə, mənasız faktı mühüm hadisəyə çevirəndə fransızlar kinayə ilə deyirlər: «O heç nədən dağ düzəldir». Belə halda ingilislər məsəlin daha konkret variantını işlədirlər: «O, bir ovuc torpaqdan dağ düzəldir». Ruslarda isə belə hallarda «Milçəkdən fil düzəltmək» frazeologizmini işlədirlər.
Bir çox xalqların, o cümlədən Azərbaycan dilində, xüsusən danışıqda kiçik problemlər, uğursuzluqlar, çatışmazlıqlar, faktlar süni olaraq böyük formada təsvir edilərkən «qarışqadan fil düzəltmək» deyimi də işlədilir.
Məsəllər, deyimlər