►Müəyyən mənada təhlükə və qorxu yaradan, eyni zamanda cəsarətli birinin gəlib çıxdığını, yaxında olduğunu bildirən ifadə.
İfadə II Dünya müharibəsi illərində partizan hərəkatını uğurla əks etdirən «Uzaq sahillərdə» filmində (1958) işlədilmiş və tezliklə populyarlaşmışdır.
Çoxmillətli partizan dəstəsinin və alman ordusunun Mixaylo kimi tanıdığı Mehdi Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Müharibə illərində böyük şücaətləri ilə yadda qalmış, iki dəfə həbs düşərgəsindən qaçaraq partizan dəstələrinə qoşulmuş M.Hüseynzadə alman-faşist ordusunu daim təhlükə altında saxlayan qəhrəmanlardan olub.
Filmdə göstərildiyi kimi, bir-birindən uğurlu əməliyyatlar keçirən Mixaylonun başına böyük məbləğdə mükafatlar qoyulmuşdu. Faşistlərin nəzarətində olan bütün ərazilərdə axtarılan Mixaylo alman əsgər və zabitləri arasında xüsusi həyəcan yaradırdı. Bir neçə xarici dildə, o cümlədən almancada yaxşı danışan M.Hüseynzadəni heç cür ələ keçirə bilmirdilər. Onun hardasa peyda olması həmin ərazidəki alman obyektləri üçün böyük təhlükə demək idi. Bu səbəbdən filmin məşhur fraqmentlərindən birində alman əsgərləri ehtiyatlı olmaq çağırışı kimi səslənən «Mixaylo şəhərdədir» deyə bir-birinə xəbərdarlıq edirlər.
Məsəllər, deyimlər