Reklam
Reklam

Məsəllər, deyimlər

MORTON ÇƏNGƏLİ

İki eyni xoşagəlməz alternativ, yaxud situasiya arasında seçim etmək zərurətini səciyyələndirən ifadə.

İfadə XV əsrdə İngiltərənin lord-kansleri olmuş Con Mortonun vergi siyasəti ilə bağlı meydana gəlmişdir.

Vaxtilə kral VII Henri əhalidən könüllü bəxşiş şəklində toplanan vergiləri (benevolences) ləğv etmişdi, amma Fransa ilə müharibədə ölkə xəzinəsinin pula ehtiyacı yarandı. Bu zaman, 1487-ci ildə kansler Con Morton mövcud qanunlara uyğun gələn elə qayda tətbiq etdi ki, hamı – varlı da, kasıb da vergiyə cəlb olundu. Morton çox sadə məntiqdən çıxış edirdi: var-dövlət içində yaşayan və təbii ki, özünə çox pul xərcləyən adamın, şübhəsiz, kral üçün də xərcləməyə pulu olacaq. Kimsə qənaətlə yaşayırsa, onun da yenə xəzinəyə verməyə pulu olmalıdır, çünki məhz ölkə iqtisadiyyatının inkişafı sayəsində o adam özü üçün əlavə pul yığa bilmişdir. Yəni əsas məntiq bu idi ki, yaşaya bilirsənsə, mütləq vergi də ödəməlisən.

Mortonun bu iki arqumenti sanki çəngəlin iki dişi kimidir: maddi imkanından asılı olmayaraq sənin öz xeyrin üçün başqa seçim etməyin, yəni vergidən canını qurtarmağın mümkün deyil.

Qərb ölkələrində «Morton çəngəli» ifadəsi həm də heç-heçə bitən bric oyununda işlədilən fəndlərdən birinin adı kimi qəbul edilir.

Məsəllər, deyimlər