Müsəlman dünyasında elm və mədəniyyətin, ilk növbədə, fəlsəfi fikrin, ədəbiyyatın, humanitar və təbiət elmlərinin, tibbin inkişafında yüksək inkişaf və çiçəklənmə dövrü; VIII əsrin ortalarından XIII əsrin ortalarınadək davam edən tarixi dövr.
Bəzi tədqiqatçılar M.R.-nın xronoloji çərçivəsini IX–XII əsrlərlə məhdudlaşdırırlar. Bu termini ilk dəfə isveçrəli şərqşünas Adam Mets (1869–1917) işlədib. M.R. (islam renessansı) nəticəsində Hindistan sərhədlərindən Pireney yarımadasınadək uzanan müsəlman dünyası elm və mədəniyyətin inkişaf səviyyəsinə görə aparıcı mövqelərə çıxaraq Avropanı xeyli qabaqlayıb. M.R. da Qərb Renessansı kimi antik ənənələrə əsaslanıb. Lakin onlar arasında fərqlər də olub. Əgər avropalılar antik dövrə aid mədəniyyətin (ədəbiyyat, teatr, tarix və s.), habelə praktik elmlərin (gəmiqayırma, hərbi sahə və s.) dirçəldilməsinə üstünlük veriblərsə, Şərq alimlərini, ilk növbədə, qədim yunanların fəlsəfə, riyaziyyat, astronomiya və tibb sahəsindəki nailiyyətləri maraqlandırıb. Qərb Renessansının hazırlanmasında xüsusi rol oynamış M.R. monqol istilaları ilə əlaqədar sona çatıb.
Tarix terminləri lüğəti