Reklam
Reklam

Məsəllər, deyimlər

NƏ ƏTDİR, NƏ BALIQ

►Heç bir keyfiyyəti ilə seçilməyən, heç vaxt heç nəyə münasibətdə prinsipial mövqe bildirməyən, xeyrə-şərə yaramayan adamlar haqqında işlədilən ifadə.

İfadə orta əsrlərdə xristian dinində yeni məzhəbin – protestantizmin yaranması dövründə meydana gələrək yayılmışdır.

XVI əsrdə Qərbi və Mərkəzi Avropada xristianlığın yeni cərəyanı – protestantizm (latınca «etiraz etmək» deməkdir) yarandı. Katoliklərdən fərqli olaraq protestantlar Roma papasına qarşı çıxır, insanın özünün Allaha müraciət edə bilməsini vurğulayaraq müqəddəsləri, mələkləri, rahibliyi inkar edirdilər. Onların ayinləri sadə və ucuz başa gəlirdi.

Katoliklərlə protestantlar arasında bir çox kəskin mübarizə gedirdi. Onlardan biri xristian adətlərinə əsasən sadə yemək – ət yeyir, digəri isə yağsız yeməyə – balığa üstünlük verirdi. Heç bir hərəkata qoşulmayan insanları isə nifrətlə «nə ətdir, nə balıq» adlandırırdılar.

Bu gün də hər hansı məsələdə və ümumiyyətlə, həyatda müəyyən mövqeyi olmayan, fəal, sərbəst hərəkət edə bilməyən adamları «nə ətdir, nə balıq» ifadəsi ilə xarakterizə edirlər. Bu ifadənin qarşılığı kimi dilimizdə «nə tüfəngə çaxmaqdır, nə süngüyə toxmaq» deyimi də işlədilir.

Məsəllər, deyimlər