►Birinin qarşısında uzunmüddətli öhdəlik götürüb sonradan bu öhdəliyə məsuliyyətsiz yanaşmanı əks etdirən ifadə.
Məsəl Molla Nəsrəddinin məşhur bir lətifəsi ilə bağlıdır.
Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Molla deyir ki, bu eşşəyə adam kimi danışmağı öyrədə bilər. Teymur Mollaya xeyli qızıl, beş il də vaxt verir ki, eşşəyə adam dili öyrətsin. Molla qızılları və eşşəyi götürüb evə gətirir. Məsələni arvadına açır və pulları ona verir ki, xərcləsin.
Arvad deyir:
– A kişi, dəli deyilsən ki, başına at təpməyib! Eşşək də danışar?..
Molla deyir:
– Əlbəttə, eşşək danışmaz.
– Yaxşı, bəs beş ildən sonra Teymura nə cavab verəcəksən?
– Ay arvad, Allah kərimdir. Beş ilə kimi ya eşşək ölər, ya padşah. İkisi də dünyanı tutub durmayacaq ki!..
Məsəllər, deyimlər