< lat. obstructio – maneə, əngəl
1. Parlament azlığının çoxluğa qarşı onun fəaliyyətinə müxtəlif süni maneələr törətməkdən ibarət olan mübarizə metodu.
Bu məqsədlə azlıq nümayəndələri uzun-uzadı nitqlər söyləmək, çoxsaylı yazılı sorğular vermək, çoxluğun hər qanun layihəsinə saysız-hesabsız düzəlişlər təklif etməklə iclasın gedişini uzadır, faktik olaraq parlamentin fəaliyyətini iflic vəziyyətinə salırlar. Qədim Roma siyasətçisi Katonun (e.ə. 95–46) senatdakı çıxışı O.-nın klassik nümunəsidir. Yuli Sezar (e.ə. 100–44) onun gələcək seçkilərdə iştirakına imkan yaradan bir təklifin qəbulunu senatdan xahiş edib və senatorların əksəriyyəti bu xahişi dəstəkləməyə hazır olub. Lakin Katon uzun nitqlə çıxış edərək iclasın bütün vaxtını alıb, səsverməyə vaxt qalmayıb, nəticədə Sezarın təklifi keçməyib.
2. Fəhlə və qulluqçuların çoxsaylı təlimatların bütün tələblərinə dəqiq əməl etməklə həyata keçirdikləri etiraz tədbiri.
Təlimatlar bürokratik xarakter daşıdığından və oradakı tələblərin hamısına riayət etmək qeyri-mümkün olduğundan iş ləngiyir, məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Bu isə son nəticədə müəssisənin ziyanla işləməsinə səbəb olur. Belə etiraz tədbirləri ilk dəfə XX əsrin əvvəllərində İtaliyada tətbiq edildiyi üçün onlara “italyan tətili” də deyilir.
Tarix terminləri lüğəti