►Müharibənin dəhşətlərini, odun və qılıncın yarada biləcəyi fəlakətləri vurğulayan ifadə.
İfadə Hippokratın dəmirin və odun sağaldıcı xüsusiyyətləri barədə fikirləri ilə bağlı meydana çıxmışdır.
Adətən, od və su deyən kimi göz önünə müharibə, əhalinin qılıncdan keçirilməsi, evlərə od vurulması kimi ağır səhnələr gəlir, çünki iki min ildir ki, ifadə məhz bu mənada işlədilir. Lakin ifadənin müəllifi qaniçən sərkərdə yox, minlərlə insanı ölümün pəncəsindən xilas etmiş həkim olub.
Qədim yunan təbibi Hippokrat e.ə. V–IV əsrlərdə «Dərmanın sağaltmadığını dəmir sağaldır, dəmirin sağaltmadığını od sağaldır» deyəndə onu nəzərdə tuturdu ki, dərmanın təsir göstərmədiyi dərinləşmiş yaranı bıçaqla yarmaq, yaxud kəsib götürmək, bunun da xeyri olmadıqda zədəli toxumaları məhv etmək üçün odla dağlamaq lazımdır. Odur ki «dəmirlə və odla» ilk vaxtlar dağıdıcı hərbi metod deyil, əksinə, müalicə üsulu olub.
İfadəni Roma şairləri «hərbiləşdiriblər». İlk olaraq bunu e.ə. I əsrdə Publi Ovidi Nazon edib. Çoxsaylı elegiyalarından birində o belə yazıb:
…Qılıncla və odla, əlimdə məşəl
Sormadan keçərəm kinli kandarı!
Ovidinin müasirləri, o cümlədən Propersi və başqa şairlər ifadəni təkrarlayıblar. Sonradan o, «Odla və qılıncla» şəklində başqa Avropa dillərinə də keçib, bir çox əsərlərin, o cümlədən polyak yazıçısı Henrix Senkeviçin (1846–1916) məşhur romanının adında istifadə olunub. Bu əsərlərin hamısında müharibənin dəhşətlərindən bəhs edilir.
Məsəllər, deyimlər