1905–1917-ci illərdə Rusiyada fəaliyyət göstərmiş sağ liberal təmayüllü “17 Oktyabr İttifaqı” adlı siyasi partiyanın üzvləri və tərəfdarları.
O. 17 oktyabr manifestində (1905) bəyan edilmiş hüquq və azadlıqların reallaşdırılmasına çalışıblar. Onlar çarın hakimiyyətini məhdudlaşdırmaq şərti ilə monarxiyanın saxlanmasına, söz, vicdan, yığıncaq azadlığının bərqərar edilməsinə, mülkiyyət və şəxsiyyətin toxunulmazlığı hüququnun təmin olunmasına səy göstəriblər. “Vahid və bölünməz Rusiya” şüarını rəhbər tutan O. Finlandiya istisna olmaqla digər milli ucqarlara muxtariyyət hüququnun verilməsinə qarşı çıxıblar, milli məsələdə şovinist mövqe tutublar. O.-in A.Quçkov, M.Rodzyanko, P.Geyden, M.Staxoviç və bu kimi liderləri olub. Bu siyasi dəstənin Azərbaycanda, ilk növbədə, Bakıda təşkilatlanma cəhdləri uğursuzluqla nəticələnib, Azərbaycan milli burjuaziyasının nümayəndələri arasında onlar özlərinə tərəfdar toplaya bilməyiblər. O.-in azsaylı Bakı komitəsi yalnız rus burjuaziyasının şovinist ruhlu nümayəndələrindən və qaragüruhçulardan ibarət olub.
Tarix terminləri lüğəti