yun. ochlokratia < ochlos – kütlə, qara camaat + krateo – hökmranlıq, hakimiyyət
Kütlənin hakimiyyəti, hökmranlığı.
Aristotel (e.ə. 384–322) O.-nı demokratiyanın təhrif olunmuş və eybəcərləşdirilmiş forması hesab edib. Onun sözlərinə görə, hakimiyyətin qara camaatın əlinə keçməsi ölkədə sabitliyi pozur, dövlətdə xaosun yaranmasına gətirib çıxarır. Digər qədim yunan tarixçisi Polibi (e.ə. 200–120) isə O.-nı qaragüruhun zorakılıq və qanunsuzluğa əsaslanan hökmranlığı, dövlət idarəçiliyinin ən pis forması kimi qiymətləndirib. Fransız filosofu J.Bodenin (1529–1596) fikrincə, O. demokratiya pərdəsi altında cəmiyyətdə qarşıdurmanı gücləndirir, real vətəndaş müharibəsi təhlükəsi yaradır. Bir qayda olaraq, o, köhnə institut və normaların pozulduğu, yenilərinin isə hələ bərqərar olmadığı “qarışıq dövrlərdə” meydana çıxır. XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində SSRİ ərazisində, o cümlədən Azərbaycanda mövcud olmuş vəziyyət O.-nın nümunəsi sayıla bilər.
Tarix terminləri lüğəti