Reklam
Reklam

Məsəllər, deyimlər

PANDORA QUTUSU

►Bütün fəlakət, qarma-qarışıqlıq, dağıntı və bədbəxtliklərə səbəb olan bir şey haqqında işlədilən ifadə.

İfadə qədim yunan mifologiyasından qaynaqlanır.

Miflərə görə, Prometey Olimp dağından ilahların odunu oğurlayıb insanlara verdiyinə görə Zevs onu bərk cəzalandırdı, amma artıq gec idi. Oda sahiblənmiş insanlar artıq səma qüvvələrinə tabe olmadılar, müxtəlif elmlərə yiyələndilər, bir çox fəlakət və bədliklərdən qurtuldular. Bir az da keçsə, onlar tamamilə xoşbəxt olacaqdılar...

Zevs ilahlardan üz döndərmiş insanlara bədlik və lənət göndərməyə qərar verir. Dəmirçi Hefest torpaq və sudan gözəl qadın Pandoranı yaratdı. Digər ilahlar isə ona müxtəlif xüsusiyyətlər verdilər: kimi hiyləgərlik, kimi cəsarət, kimi də qeyri-adi gözəllik. Sonra Zevs Pandoraya sirli bir qutu verib Yerə göndərdi, amma qutunun ağzını açmağı qadağan etdi. Pandoranı maraq boğurdu ki, görəsən, qutunun içində nə var. Ona görə də Yerə çatan kimi o, qutunun ağzını aralayıb baxmaq istədi. Elə həmin anda bütün insan bədbəxtlikləri qutudan çıxıb dünyanın hər tərəfinə yayıldı. Pandora qorxudan qutunun ağzını bağlamağa çalışdı, amma artıq gec idi: bütün bədbəxtliklər çıxıb yayılmış, qutuda ancaq yalançı ümid qalmışdı.

Hazırda insanlar ehtiyatsızlıqdan meydana gələn bütün fəlakət və bədbəxtlikləri «Pandora qutusu» ilə əlaqələndirməyə, hər şeyin səbəbini onunla izah etməyə çalışırlar.

Məsəllər, deyimlər