►Hər hansı məsələdə sonuncu və həlledici zərbəni bildirən ifadə.
İfadə Parfiya ordusunun yüngül silahlı süvarilərinin tətbiq etdiyi döyüş taktikası ilə bağlı yaranmışdır.
Fars imperiyasının Makedoniyalı İsgəndər tərəfindən işğal olunmasından bir əsr sonra – təxminən e.ə. 250-ci ildə ölkənin şərq vilayətləri bu bölgəni idarə edən Selevki çarlarına qarşı üsyan etdilər. Bu prosesdə Xəzər dənizinin cənub-şərqində yerləşən Parfiya dövləti yaranıb güclənməyə başladı.
Bir əsr sonra Roma Şərqə doğru yürüş etdi və tezliklə Kiçik Asiya ilə Suriyanı tutdu. Makedoniyanın Asiyada hakimiyyətinə son qoyuldu və indi iki yeni qüvvə – Roma ilə Parfiya qarşı-qarşıya qaldı. E.ə. 53-cü ildə var-dövləti ilə ad çıxarmış sərkərdə Krass öz ordusunu Parfiyaya gətirdi.
Romalıların əsas zərbə gücü piyada qoşunu idi, amma parfiyalıların da öz hərbi sirləri vardı. Həmin dövrdə normal üzəngilər olmasa da, Babilistandan şərqdə olan ərazilər peşəkar süvarilərlə məşhur idi və Parfiya da bu süvarilərdən bəhrələnirdi. Onlar düşmən sıralarına sürətlə həmlə edib onları ox atəşinə tutur, tez də geri qayıdırdılar. Roma legionları onların arxasınca gəldikdə isə süvarilər yəhərin üzərindən yüngülcə qalxır, geri dönür və sonuncu ox ehtiyatı ilə düz hədəfə vururdular. Bu, geri çəkilənlərin atdığı sonuncu «Parfiya oxu» adlanırdı. Məhz həmin oxların sayəsində Krass ordusu darmadağın edilmişdi. Ona görə də romalılar Parfiya oxunu əbədi olaraq yadda saxlayıblar.
Məsəllər, deyimlər