Totalitar cəmiyyətlərdə hakim partiyanın maraqlarına xidmət edən jurnalistikanın əsas fəaliyyət prinsiplərindən biri.
Belə cəmiyyətlərdə media və jurnalistikanın ilkin vəzifəsi partiyanın göstərişlərini yerinə yetirməkdir. Hələ 1847-ci ildə Fridrix Engels mətbuatın «partiyanın tələblərini əsaslandırmalı, inkişaf etdirməli» və «düşmən partiyanın iddialarını rədd etməli» olduğunu göstərirdi. Keçmiş sovet ölkələri müstəqillik əldə etdikdən sonra onların əksəriyyətində jurnalistləri P.-dan çəkinməyə çağıran etik kodekslər qəbul olunub. Lakin 2015-ci ildə «Avropa qonşuluq siyasəti» çərçivəsində bu ölkələrdə keçirilmiş tədqiqat göstərdi ki, bir çox ölkələrdə P. jurnalist şəxsiyyətinin dominantlıq təşkil edən komponenti kimi qalmaqdadır. Qərb jurnalistikasında P. prinsipi nəinki rədd edilir, hətta jurnalistlərin tərəfsizliyinə şübhə yaranmamaq üçün onların siyasi tədbirlərdə, seçki kampaniyalarında iştirakına da məhdudiyyətlər qoyulur. Media orqanları bu şərtlərə əməl olunmasına ciddi nəzarət edir; məsələn, New York Times qəzetinin etik qaydalarında əməkdaşlara iş vaxtı hər hansı siyasi təşkilata, kampaniyaya təəssübkeşlik ifadə edən nişanlar gəzdirmək qadağan olunur.
Jurnalistika terminləri lüğəti