Reklam
Reklam

Məsəllər, deyimlər

PROKRUST YATAĞI

►Kimisə, nəyisə zorla eyni qəlibə, eyni ölçü və çərçivəyə salmağı, öz standartına, öz düşüncə tərzinə uyğunlaşdırmağı bildirən ifadə.

İfadə qədim yunan mifologiyasında yolkəsən bir quldur kimi təsvir edilən Prokrustun adı ilə bağlı yaranmışdır.

Rəvayətə görə, Afinaya gedən yollarda qarşısına çıxan tacirləri, səyyahları, yolçuları şirin dillə aldadıb evinə gətirən Prokrust əvvəlcə onları soyub qarət edirmiş. Sonra da onları özünün dəmir taxtına uzadaraq olmazın işgəncəsini verirmiş: qurbanının boyu yataqdan uzun imişsə, ayaqlarını kəsib yatağın boyu ilə eyni edir, yox, əgər yatağa uzatdığı adamın boyu qısa olurdusa, onda əl və ayaqlarını bağlayaraq boyu uzanıncaya qədər gərib dartırmış. Yəni toruna düşən hər kəsi dəhşətli əzab və işgəncə ilə yatağın ölçüsünə «uyğunlaşdırırmış».

Gün gəlir ki, xeyli adamı bu üsulla qətlə yetirən Prokrustun özünü də həmin dəmir taxta uzadan tapılır. Yunan mifologiyasının cəsur siması Poseydon və Efranın oğlu Tesey meydana çıxıb bu amansız və qəddar qatil üzərində qələbə çalır. Həm də Prokrust öz qurbanları ilə necə davranırdısa, Tesey də ondan həmin üsulla intiqam alır.

Tarixən cəmiyyəti, insanları, düşüncəni eyniləşdirmək «Prokrust yatağı» bənzətməsi ilə ifadə olunub. Orta əsrlərdə bu «yataq»dan daha çox dini itaəti ölçmək üçün istifadə edilirdi. Hər din, hər məzhəb öz «yataq ölçülərinə» sahib idi və ona uyğunlaşmayanlar fiziki cəhətdən məhv edilirdi. İnkvizisiya məhkəmələrinin yüz minlərlə yəhudi, müsəlman və ateisti qətlə yetirməsi, Lenin və Stalinin damarlarda qanı donduran terror və vəhşilikləri, Hitlerin ali irqindən olmayanları qaz kameralarında boğaraq məhv etməsi və s. Prokrustun «standartlaşdırma» və «eyniləşdirmələrindən» daha qəddar və daha dəhşətli olmuşdur.

Söz və ifadə azadlığının, fikir müxtəlifliyinin, fərqli düşüncə və plüralizmin bir dəyər kimi qəbul edildiyi müasir dünyamız üçün «Prokrust yatağı» mifi xeyli ibrətamizdir. İnsanın nə qədər dərin anlamlar kəsb etdiyini, insanlıq tarixi üçün nə dərəcədə vacib olduğunu görməmək çətin deyil. Bu gün «Prokrust yatağı» deyəndə kimisə, nəyisə bir qəlibin, çərçivənin içinə salmaq, zorla eyni ölçüyə gətirmək başa düşülür.

Məsəllər, deyimlər