lat. protestatio – etiraz
Müəyyən coğrafi ərazidə – ABŞ, Kanada və Yeni Zelandiyada, habelə Avropanın şimal, qərb və mərkəzi hissələrində yayılmış dini cərəyan, xristianlığın üç əsas cərəyanından biri.
P. XVI əsrin birinci yarısında Reformasiya dövründə Avropada meydana gəlib, Roma katolik kilsəsinin orta əsrlərdən qalma ideallarına və institutlarına etiraz forması kimi ortaya çıxıb. Reformasiya tərəfdarları müxtəlif doqmalar və mərasimlər yaratmış katolik kilsəsini xristianlığın ilkin prinsiplərindən uzaqlaşmaqda ittiham edərək ondan ayrılıblar. P. üçün mürəkkəb kilsə iyerarxiyasından imtina, dini mərasimlərin sadəliyi, ayinlərin azlığı, çoxsaylı müqəddəslərin, ikonaların olmaması xarakterikdir. P. bir sıra müstəqil sektaları və kilsələri (metodistlər, baptistlər, adventistlər, lüteranlıq, kalvinizm, anqlikan kilsəsi və s.) özündə birləşdirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti