Reklam
Reklam

Məsəllər, deyimlər

QADIN BÖYÜK QÜVVƏDİR

►İncə və zərifliyinə baxmayaraq qadının mənən güclü, çox şeyə təsir göstərmək imkanının olduğunu bildirən ifadə.

Bəzən zarafatla işlənən ifadə «Əhməd haradadır» filmindən (1968) sonra geniş yayılmışdır.

İfadə filmin qəhrəmanı Əhmədin otaq yoldaşı Oqtayın dilindən işlədilmişdir. Belə ki, Əhməd Leyla ilə kəndə geri qayıtmağa qərar verərək onun çantasını Oqtayın əlindən alıb özü götürür. Dostlarının «Hara?» sualına Əhmədin cavabı «Ayağım hara, başım da ora!» olur. Əhməddə baş verən hal dəyişikliyinə şahid olan dostları təəccüb və heyranlıqla onların arxasınca baxır və Oqtay uzaqlaşan cütlüyə işarə edərək Ramizə çoxmənalı bir şəkildə: «Qadın böyük qüvvədir!» – deyir. Elə bu an yoldan keçən yaşlı iki qadından biri Oqtaya çırpılır. Qadının «böyük qüvvə» olması bu epizodda, həm də məzəli şəkildə təqdim edilir.

Ümumiyyətlə, qadın iradəsi və mənəvi gücü haqqında dünyanın bir çox ədibləri, siyasətçiləri, tarixçiləri, bir sözlə, «böyük kişilər» gözəl aforizmlər bəxş ediblər. Onlardan qadın gücünü yaxşı mənada ən dəqiq göstərən ifadələrdən biri də teoloq, filosof Avreli Avqustinə (354–430) aiddir: «Qadın elə bir mələkdir ki, bizi uşaq olarkən qoruyur, gəncliyimizdə xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir».

Daha bir maraqlı aforizm isə Fransa kralı XVI Lüdovikə (1754–1793) məxsusdur: «Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır».

Məsəllər, deyimlər