►İnsanın faciəsini, ağır dərd-kədərini və ya fiziki qüsurunu lağlağıya, zarafat obyektinə çevirməyi bildirən ifadə.
İlk dəfə XIX əsrin axırlarında Fransa mətbuatında yaranmış ifadə sürrealizmin banilərindən olan şair Andre Bretonun (1896–1966) çap etdirdiyi «Qara yumor antologiyası» kitabından (1939) sonra geniş yayılmışdır.
Qara yumor (fr. «humour noir») mahiyyət etibarilə ağlamalı şeylər haqqında kobud yumorla və gülərək danışmaqdır. Yəni ölüm, ağır xəstəlik, bədbəxt hadisə, cinayət, fiziki qüsur və s. halları bir qədər arsızlıqla, amma komik elementlər qataraq təqdim etməkdir. Belə yanaşma tərzi əvvəlcə «Absurd teatrı»nın tamaşalarında, daha sonra isə simvolizm cərəyanına məxsus yazıçıların əsərlərində özünü göstərməyə başlamışdır. Daha sonra Svift, Volter, Stern kimi yazıçıların əsərlərinə də sirayət edən qara yumor Ş.Bodler, L.Kerrol, A.Alle yaradıcılığında parlaq şəkildə üzə çıxmışdır. Tədqiqatçıların fikrincə, bu kimi məşhur yazıçı və şairlər öz əsərlərində qara yumoru fəlsəfi baxımdan əsaslandırmaq üçün Hegel və Freydin təlimlərinə müraciət etmişlər.
Qara yumor XX əsrdə ədəbiyyatın hüdudlarından çıxaraq incəsənətin bir çox sahələrinə, o cümlədən kinoya geniş sirayət etmişdir. Hazırda Hollivudun bir çox rejissorları öz filmlərində qara yumora kifayət qədər geniş yer verirlər.
Məsəllər, deyimlər