Reklam
Reklam

Məsəllər, deyimlər

QIZIL DÖVR (ƏSR)

►Hər hansı bir xalqın, yaxud ölkənin tarixində iqtisadiyyatın, xüsusən elm və mədəniyyətin çiçəklənmə dövrünü səciyyələndirən ifadə.

İfadə e.ə. I əsrin sonunda və b.e. I əsrinin əvvəlində yaşamış məşhur Roma şairi Ovidinin yaradıcılığından qaynaqlanaraq yayılmışdır.

Böyük şair dünyadakı həyatı dörd dövrə bölür və insanların birinci nəslini qızıla bənzədirdi. Fikrini onunla əsaslandırırdı ki, həmin dövrdə bu insanlar ədalətli və vicdanlı idilər, sevgidə əzab çəkmədən, qanunlar olmadan və qərəzsiz yaşayırdılar. Yer üzündə həmişə bahar idi, toxumlar özləri şumlanmamış sahədə bitir və yetişirdi. Süd çayları və şirə bulaqları axır, yaşıl palıdlardan isə qızılı bal damcılayırdı. Bu dövrdə insanlar sakitlik və dinclikdən həzz alır, qorxu, aclıq, cinayət, müharibə, qanun nə olduğunu bilmirdilər. Belə utopik salnamənin təsvirinə antik şairlərin yazılarında tez-tez rast gəlmək olar.

Sonra gümüş əsr başlandı, əbədi baharı dörd fəsil əvəz etdi. O zaman insanlar özləri üçün evlər tikməyə və torpağı şumlamağa başladılar. Daha sonra insanların bir-birinə qarşı mübarizə apardığı mis əsri başlandı. Ən sonda isə dəmir əsr yarandı, bu zaman həya və həqiqət yoxa çıxdı, nəticədə hiyləgərlik və yalan, məkrlilik, zorakılıq və hərislik meydan sulamağa başladı.

Müasir dövrdə də biz qızıl əsr deyəndə həyatın ən yaxşı dövrünü, nəyinsə çiçəklənmə zamanını nəzərdə tuturuq. Həmin dövr haqqında sadəlövh etiqadlar çoxdan yox olub getsə də, «qızıl dövr» frazeoloji birləşməsi indiyədək işlənir.

Məsəllər, deyimlər