Reklam
Reklam

Məsəllər, deyimlər

QODUQ DA BÖYÜYÜB EŞŞƏK OLACAQ

►Adına nə deyilməyindən asılı olmayaraq səviyyəsiz, nadan adamların axmaqlığını göstərmək üçün işlədilən ifadə.

İfadə el arasında yayılmış bir rəvayətlə bağlı yaranmışdır.

Bir kənddə Məhəmməd adlı kişi yaşayırmış. Çox kobud və qanmaz olduğundan kənd əhli onu «Eşşək Məhəmməd» çağırarmış. Bu isə kişinin qohum-qardaşına, xüsusən arvadına çox pis təsir edirmiş. Onlar camaata nə qədər yalvar-yaxar edib bu rüsvayçı ləqəbi Məhəmmədin üstündən götürmələrini xahiş edirlərsə də, bir nəticə vermir. Axırda kənd cavanlarından bir neçə nəfər toplaşıb Məhəmmədin yanına gəlir və şərt qoyur:

− Bir yaxşı qonaqlıq versən, bu adı sənin üstündən götürüb başqa ad qoyarıq.

Məhəmməd sevinir, təmtəraqlı bir qonaqlıq təşkil edib kənd cavanlarını və ağsaqqallarını çağırır. Yeyib-içib şadlıq edirlər, nəhayət, söhbət Məhəmmədin ləqəbindən düşəndə hörmətli qonaqlardan biri deyir:

− Qardaşlar, Məhəmmədin üstündən «eşşək» ləqəbini götürək deyə bu qədər xərc çəkib qonaqlıq vermişdir. Mən onun üzərindən bu ləqəbin götürülməsini və onun əvəzində ona «qoduq» ləqəbi verilməsini təklif edirəm!

Hamı bu fikirlə razılaşır. Qonaqlar dağıldıqdan sonra Məhəmməd sevinərək o biri evə arvadının yanına gəlir və əhvalatı ona danışır. Arvadı Məhəmmədə qulaq asdıqdan sonra deyir:

− Ay kişi, başına kül olmasın, daha nəyə sevinirsən, qoduq da axırda böyüyüb eşşək olacaq da.

Ona görə də bizim günlərdə düçar olduğu vəziyyətdə elə bir böyük dəyişiklik olmadığı halda nahaq yerə sevinib şadlanan adamların axmaqlığını göstərmək məqsədilə bu məsəldən istifadə olunur.

Məsəllər, deyimlər