Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QUBAD

fars. qubad tikanlı və iri yarpaqlı ağacın adıdır.

Doğrudur, dilimizin şəxs adları sistemində ağac adından yaranmış kişi adlarına təsadüf edilir. Lakin Qubad kişi adı bu ağacın adından formalaşmamışdır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında İran şahlarının adları ilə əlaqədar kifayət qədər kişi adları mövcuddur. Qubad kişi adı İran tarixində Sasani şahlarının birinin adındandır. Bir çox lüğətlərdə Qubad kişi adı bitki adı ilə, daha dəqiq, iri yarpaqlı ağacın adı ilə əlaqələndirilir. Bəzi mənbələrdə Qubad kişi adının danışığı və hərəkətləri kobud olan, qaba, yekəpər (adam) mənasında olduğu barədə məlumatlara da rast gəlinir. Qubad məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır. Bu gün Azərbaycanda Qubad adından formalaşmış Qubadov, Qubadlı, Qubadzadə soyadlarına kifayət qədər rast gəlinir. Bu da məişətimizdə yaxın keçmişə qədər Qubad adının geniş yayıldığına dəlalət edir. Qubad kişi adı ilə əlaqədar Qubadlı toponimi də mövcuddur. Azərbaycan ərazisində Qubad kişi adı ilə əlaqədar Qubadlı bölgəsi də vardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti