fr. reportage < lat. reporto – bildirmək, xəbər vermək
Aktual olay barədə ətraflı məlumat verən material, jurnalistikanın informasiya janrlarından biri.
Bu janrın əsas xüsusiyyətləri onun operativliyi və müəllifin təsvir etdiyi hadisənin şahidi, yaxud iştirakçısı olmasıdır. R.-da hadisələrə müəllif baxışı, faktların seçim üsulu, detallar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda müxtəlif kütləvi kommunikasiya kanalları ilə (qəzet-jurnal, radio, televiziya, internet) yayılmaq üçün hazırlanan R.-lar arasında spesifik fərqlər nəzərə çarpır. Qəzet R.-ı bir hadisəyə, yaxud eyni mövzuya aid müxtəlif vaxtlarda və yerlərdə baş vermiş olaylara həsr edilə bilər. Radioreportajda xronoloji ardıcıllıq önə çıxır, səs obrazlarından, reperaundlardan istifadə olunur. Telereportajda görüntü, videosıralar, struktur elementlərinin zənginliyi (stəndap, kadrarxası mətn, sinxron) vacib rol oynayır. İnternet R.-da canlı yayıma üstünlük verilir, müəllif, demək olar ki, görünmür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti