Reklam
Reklam

Məsəllər, deyimlər

SAQQALIM YOXDUR, SÖZÜM ÖTMÜR (KEÇMİR)

►Hər hansı məsələdə ağıllı bir söz desə də, fikrinə əhəmiyyət verilməyən, sayılmayan adamların dilindən səslənən və inciklik bildirən ifadə.

İfadə Şərq-müsəlman aləmində saqqala olan ehtiram və izzətdən qaynaqlanır.

Tarixən Şərq ölkələrində elm-bilik adamları, vəzifə sahibləri, xüsusən din xadimləri saqqal buraxardılar. Saqqal yüksək silkə mənsub olmaq, böyüklük, mötəbərlik və hörmət əlaməti sayılarmış. Odur ki saray adamları, ruhanilәr, mötәbәr zatlar saqqal saxlayır vә saqqalın sәliqәli olmasına ayrıca әhәmiyyәt verirdilәr. El arasında hörmətli adamlara, xalq nümayәndәlәrinә «ağsaqqal» deyərdilәr.

Saqqalın Şәrq cəmiyyətində müәyyәn bir rolu olduğunu yazan görkәmli yazıçı Y.V.Çәmәnzәminli qeyd edirdi ki, saqqal әtrafında bir çox adәtlәr dә var; mәsәlәn, qәdim Әfqanıstanda padşahdan ricası olan bir şәxs dilәyini söylәmәzdən əvvəl onun saqqalından yapışarmış: «Burada saqqal bir «әdalәt qapısı» kimi tәlәqqi olunarmış. Bizim «saqqal altından keçmә» dә, şübhәsiz ki, tarixi bir adətlә mәrbut imiş. Bu gün o adәt qeyb olubsa da, ünvanı durur vә müәyyәn mәnada işlәnir».

Bu ifadә ilə әlaqәdar dilimizdə «bığ//saqqal altından keçmәk», «saqqal tәrpәtmәk», «әlini saqqalına uzatmaq», «saqqalından (әtәyindәn) tutmaq», «saqqala salam vermәk//vermәmәk» kimi çoxlu deyimlər də formalaşmışdır.

Məsəllər, deyimlər