Reklam
Reklam

Etimologiya lüğəti

səlib yürüşü

1095-ci ildə bütün xristian dünyası qaynayırdı. Səlcuq türkləri Qərbi Asiyaya yürüşə başlamışdılar. Onlar Yerusəlimi (Qüdsü) misirlilərin əlindən almışdılar. Xristian zəvvarlar üçün oranı ziyarət etmək çətinləşmiş və təhlükəli olmuşdu.

Konstantinopolda (İstanbul) hökmranlıq edən Bizans imperatoru indi Qərbdən yardım istəyirdi. O zamanlar Roma papası II Urban idi. Noyabr ayında o, Klermon şəhərində din xadimlərinin şurasını çağırır. Toplantıya Fransa zadəganları da gəlirlər.

Öz nitqində Urban döyüşçüləri Yerusəlimi türklərin əlindən almağa səsləyir. Yığışanlar onun çağırışına səs verir, müqəddəs müharibədə iştirak edəcəkləri barədə bir-bir and içirlər. Urban onların hər birinə bu andın rəmzi olaraq paltarlarına tikmək üçün xaç paylayır.

Xristianlıq ideyaları və rəmzləri uğrunda müsəlmanlarla böyük döyüş təcrübəsinə malik olan ispanlar bu yürüşləri “crorada”, yəni xaç adlandırırdılar. Bu söz ispan dilindən digər dillərə keçmiş və səlib yürüşü (xaç yürüşü) kimi işlənməyə başlamışdı.

İki əsr ərzində Qərb cəngavərləri vaxtaşırı türklərə qarşı yürüşlərə yola düşüblər. Demək lazımdır ki, səlib yürüşləri öz məqsədinə çata bilmədi. O vaxtdan şər qüvvələrə qarşı istənilən idealist döyüş səlib yürüşü adlandırılır. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti