Reklam
Reklam

Məsəllər, deyimlər

ŞƏRHƏ EHTİYAC YOXDUR... (ŞƏRHSİZ)

►Bu və ya başqa şey haqqında həddindən artıq danışıldıqda və ya hər şey deyildikdə, yaxud faktın özünün izahat tələb etmədiyi halda işlədilən ifadə.

İngilis dilində «no comments» şəklində işlənən bu məşhur ifadə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin (1874–1965) II Dünya müharibəsindən sonra ABŞ-a səfəri zamanı Ağ evdə səsləndirdiyi bəyanatdan sonra yayılaraq məşhurlaşmışdır.

II Dünya müharibəsinin qəhrəmanlarından biri olmuş U.Çörçillin ABŞ-a səfəri, burada keçirdiyi bütün görüşlər ölkə mediasının diqqət mərkəzində olmuşdur. Onun Fultonda «soyuq müharibə»nin əsasını qoymuş məşhur çıxışı aparıcı qəzetlərdə günün əsas mövzusuna çevrilmişdir.

ABŞ prezidenti Harri Trumenlə görüşündən sonra (12 fevral 1946) həmin görüşün əhəmiyyəti barədə jurnalistlərin suallarına cavab verərkən U.Çörçill «no comments» ifadəsini işlətmişdir. Eyni zamanda o, mətbuat nümayəndələrinə bildirmişdir ki, həmin ifadəni Amerika diplomatı Samner Uelsdən götürmüşdür.

Bu qanadlı ifadənin tarixini araşdıranlar qeyd edirlər ki, «şərhə ehtiyac yoxdur» və ya «şərhsiz» deyimləri mətbuatda və diplomatik dairələrdə hələ XIX əsrdən başlayaraq işlədilir.

Məsəllər, deyimlər