Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SEVİL

azərb. sevil (sevilmak feilindən) sözündəndir.

XX əsrdə çox populyar qadın adlarından olan Sevil adı çəkilərkən görkəmli yazıçı, dramaturq C.Cabbarlının “Sevil” əsərinin baş qəhrəmanı, ailədə əri tərəfindən hörmətsizliyə, etinasızlığa məruz qalan, bu səbəbdən də hər cür alçaldılmalardan bezən, nəticədə çadrasını ataraq ər evini tərk edən Sevil yada düşür. Yeni həyata atılan qəhrəmanlarına yeni məzmunlu adlar düşünən ədibin bütün qəhrəmanları kimi, Sevilin adı da çox sevilmişdi. Azərbaycan antroponimikasına 1928-ci ildən daxil olan Sevil adı XX əsrdən bu günə qədər məişətimizdə geniş yayılmış qadın adlarındandır. Keçən yüzilliyin ortalarında adın geniş yayılmasında əsrin ikinci yarısında zəhmətsevər gənc qızın, faciəvi şəkildə həlak olmuş Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyevanın (19401963) adı da özünəməxsus rol oynamışdır. Böyük arzularla yaşayan qızın iş başında qəza nəticəsində həyatını itirməsi xalqımızı çox sarsıtmışdı. Əminliklə demək olar ki, çox gənc ikən dünyasını dəyişən əmək qəhrəmanı S.Qazıyevanın həyat hekayəsi, onun haqqında yazılan əsərlər, mahnılar da adın dəbdən düşməməsində əhəmiyyətli rol oynamışdı. Sevil bu gün də məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın sonuna -a sonluğu əlavə olunaraq Sevilə variantı da yaradılmış, sonradan bu ad da müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti