azərb. sevinc sözü fərəh, şadlıq, sevinməklə əlaqədardır. Türk antroponimik vahidlər sistemində mövcud Sevinc qadın adı məişətimizə keçən yüzilliyin 40-cı illərindən daxil olmuşdur.
Dilimizin şəxs adları sistemində sevinməklə əlaqədar, həmçinin alqış məzmunlu adlar sırasındadır. Ailələrdə övladın dünyaya gəlişindən şadlanan əzizləri, yaxınları bu münasibətlə ona Sevinc adı qoymuşlar. Həm də qızları gəlişiylə ailəyə sevinc gətirdiyi kimi, ömrü boyu da sevinc içərisində yaşamasını arzu etmişlər. Beləliklə, Sevinc qadın adı məişətimizə daxil olmuşdur. Bu gün Sevinc qadın adı türk dillərinin əksəriyyətində mövcud şəxs adları sırasındadır. Azərbaycanda XX əsrin 40-cı illərinə qədər Sevinc adına, demək olar ki, rast gəlinmir. Görkəmli ictimai xadim, filoloq, yazıçı Ş.Qurbanovun “Sənsiz” əsərinin uğurlu səhnə həyatından sonra əsas qəhrəmanlardan biri Sevinc də, adı da xalq tərəfindən sevilmişdi. XX əsrin ortalarından məişətimizə daxil olan Sevinc bu günə qədər məişətimizdə geniş yayılmış qadın adlarındandır. Ölkə daxilində şəxs adlarının statistik göstəricilərinə əsasən, 1968-ci ildə dünyaya göz açan qız övladlara ən çox qoyulan ad Sevinc olmuşdur. Son beş ilin statistikasına nəzər saldıqda isə görürük ki, bunu demək olmur. Başqa sözlə, bu gün Sevinc dünyaya göz açmış qız övladlara verilən populyar adlar sırasında deyildir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti